Davud Məmmədbəyov
Davud Məmmədbəyov (tam adı: Davud İsa oğlu Məmmədbəyov; d. 15 yanvar 1933, Şağan, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan musiqişünası, pedaqoqu, tarzəni və tədqiqatçısı, Moskva Dövlət Konservatoriyasının baş müəllimi və dosenti, Əməkdar incəsənət xadimi (1991).
== Həyatı ==
Davud İsa oğlu Məmmədbəyov 15 yanvar 1933-cü ildə Bakı şəhərinin Şağan kəndində anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə həvəs göstərən Davud 7 yaşında ikən – 1940-ci ildə musiqi məktəbinə məhz tar ixtisası sinfi üzrə daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. O, təhsilini davam etdirmək üçün 1948-ci ildə Asəf Zeynallı adına Bakı Dövlət Orta İxtisas Musiqi Məktəbinin tar sinfinə daxil olmuşdur. Davud tar üzrə ixtisas dərsini tarzən-pedaqoq Adil Gəraydan, muğam fənnini pedaqoq Əhməd Bakıxanovdan almışdır.
Bu illərdə Davud Məmmədbəyov təkcə tar sənətini öyrənməklə yanaşı, eyni zamanda musiqi tarixi və nəzəriyyəsini dərindən mənimsəmiş və bu sahədə ixtisasçı olmaq üçün müəllimlərinin təkidi ilə 1952-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının musiqişünaslıq daxil olmuşdur. Bir il sonra o, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının II kursuna köçürülmüşdür.
Məmmədbəyov konservatoriyanın V kursunu bitirəndə – 1957-ci ildə "Qara Qarayevin "Yeddi gözəl" baleti" mövzusunda diplom işini müvəffəqiyyətlə müdafiə edir və aspiranturada təhsili davam etdirməyə göndərilir. Aspiranturada onun elmi rəhbəri musiqişünas-alim, professor, Rusiya Respublikasının əməkdar incəsənət xadimi Vladimir Protopopov olmuşdur.